Sənaye təhlükəsizliyi və əmək mühafizəsi
Əsası 1947-ci ildə qoyulmuş "Əməyin mühafizəsi" (hal-hazırda “Sənaye təhlükəsiziliyi və əmək mühafizəsi”) kafedrası ölkənin neft-qazçıxarma kompleksi və digər sənaye sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlamasında, həmçinin həmin sahələr üzrə mühüm elmi tədqiqat işlərinin aparılmasında zəngin təcrübəyə malikdir.
1967-ci ilə qədər kafedraya professor Q.İ.Şibayev, 1967-68-ci illərdə A.M.Nağıyev, 1968-2000-ci illər ərzində professor F.Ə.Şıxəliyev, 2000-2003-cü illərdə professor R.T.Əliyev, 2003-2008-ci illər ərzində isə dosent Ə.Y.İsayev rəhbərlik etmişlər.
2008-ci ildən indiki dövrə qədər kafedraya t.e.d., professor S.R.Rəsulov rəhbərlik edir.
“Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasında hal-hazırda 38 fənn üzrə tədris prosesi həyata keçirilir. Eyni zamanda, müxtəlif ixtisas qruplarında Mülki müdafiə, Həyat fəaliyyətinin təhlükəsizliyi, Nəqliyyatda təhlükəsizlik, Əmək mühafizəsi, Nəqliyyat ekologiyası fənlərinin ingilis dilində tədrisi yerinə yetirilir.
Hal-hazırda kafedrada bakalavr pilləsində “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” (ixtisas şifri 050651), “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” (ixtisas şifri 050614) və magistratura səviyyəsində “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” (ixtisas şifri 060651 ) ixtisasları üzrə mütəxəssislər hazırlanır.
Tədris prosesində 22 müəllim (3 professor, 10 dosent, 9 assistent), 5 tədris-köməkçi heyəti iştirak edir.
ADNSU-nun “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrası işçiləri tərəfindən “Neft-qaz kompleksində texnoloji proseslərin və ətraf mühitin kompleks təhlükəsizlik üsullarının işlənməsi” mövzusu üzrə tədqiqat işləri aparılır.
Kafedranın əməkdaşları müxtəlif sənaye və elmi tədqiqat müəssisələri ilə daim yaradıcılıq əlaqəsi saxlayırlar. Bunlara misal olaraq, Fövqəladə Hallar Nazirliyi nəzdində olan Baş yanğından mühafizə idarəsini, AzDƏMTTETİ-ni, Fövqəladə Hallar Akademiyasını, Azərbaycan Dövlət Neft Şirkətini, AMEA-nın Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, İdarəetmə Sistemləri, Radiasiya Problemləri institutlarını göstərmək olar.
Kafedra Rusiyanın Ufa Dövlət Neft Texniki Universiteti, Samara Dövlət Texniki Universiteti, Uxta Dövlət Texniki Universiteti, Kazan Federal universiteti, Ural Dövlət Dağ-mədən Universiteti, Perm Milli-Tədqiqat Politexnik Universiteti və Almetyevsk Dövlət Neft İnstitutu ilə əməkdaşlıq əlaqələri saxlayır.