Laboratoriya

ADNSU-nun X Məzun-Karyera Sərgisində 63 şirkət iştirak edib

image

Mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yuxarı kurs tələbələri və universitetin məzunları üçün X Məzun-Karyera Sərgisi keçirilib. Mövcud koronavirus pandemiyasının hələ də hökm sürdüyünü nəzərə alaraq sərgi karantin rejimi şəraitində onlayn formatda keçirilib. Sərgidə  63 dövlət qurumu və özəl şirkət tərəfindən 231 vakant iş yeri və 300-ə dək təcrübə yeri təqdim olunub.

Sərgidə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı dövlət və şirkət nümayəndələrinə təşəkkürünü bildirib. Qeyd edib ki, 2015-2016-cı tədris ilindən etibarən ənənəvi olaraq ADNSU-da keçirilən Məzun-Karyera sərgiləri gənc mütəxəssislərin birbaşa şirkət nümayəndələri ilə təmas qurmasında və işlə təmin olunmasında mühün platformadır. Rektor tələbə və məzunlarımızın işlə təmin olunmasının hər zaman diqqətdə saxlanıldığını və bu istiqamətdə atılan addımlardan biri olaraq Məzun-Karyera sərgilərinin mühüm rol oynadığını deyib.

Sərgidə Azərbaycan Respublikasının Energetika nazirin müavini Elnur Soltanov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan, onların ixtisaslı mütəxəssis kimi yetişməsi ilə yanaşı, ixtisaslarına uyğun işlə təmin olunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, ADNSU-nun mütəmadi olaraq təşkil etdiyi Məzun-Karyera sərgiləri də bu baxımdan diqqətəlayıqdır. Şirkətlərin də bu universitetin tələbə və məzunlarına marağının yüksək olması bir  daha onu göstərir ki, ADNSU tələbələri gənc mütəxəsislər olaraq özlərini doğruldublar və onlara gələcəkdə də çox ehtiyac olacaq.

Qida Təhlükəsizliyi Agentliyi, “AzərGold” QSC, “AzərEnerji” ASC, Socar AQŞ, həmçinin digər dövlət və özəl şirkətləri sərgidə öz vakant iş yerləri ilə çıxış edərək sərgini dəstəklədiklərini və əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, ADNSU-nun tələbə və məzunları career.asoiu.edu.az linki vasitəsilə ADNSU-nun rəsmi saytında yer alan Məzun-Karyera Mərkəzinə daxil olub vakant yerlərlə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçib CV-lərini göndərə bilərlər.

2021-05-25