Fevralın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil nazirliyinin təşəbbüsü ilə Alqoritmika İT kurslarının keçirdiyi “CODE FOR FUTURE” təhsil layihəsinin açılış tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan rektorun İT və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev Veb-tərtibatçılıq və Sistem inzibatçılığı proqramlarının tədris olunacağı layihənin 300 tələbəni əhatə edəcəyini deyib.
Təhsil nazirliyi ilə birgə həyata keçirilən belə bir layihənin partnyoru olmaqdan məmnun olduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı tələbələrin göstərilən etimadı doğruldacağına ümidvar olduğunu deyib. ADNSU-da texniki ixtisaslarda təhsil alan tələbələrlə yanaşı 15 nəfər əməkdaşının da proqramlaşdırma sahəsində biliklərinin artırılması üçün layihənin kifayət qədər geniş imkanlar yaratdığını qeyd edən rektor M.Babanlı bu baxımdan gənclərin böyük məsuliyyət daşıdığını sözlərinə əlavə edib.
Təhsil nazirliyinin nümayəndəsi Ülkər Səttarova çıxış edərək, layihəsinin tələbələr üçün önəmindən danışıb və gənclər üçün proqramlaşdırma sahəsində geniş imkanlar və perspektivlər yaratdığını deyib.
Sonra layihə meneceri Nəzrin Əliyeva 2021/2022-ci tədris ilinin yaz semestrini əhatə edən layihə haqqında geniş təqdimatla çıxış edib. Layihənin məqsədi, kursun mərhələləri, həmçinin tərəfdaşlar, proqram təminatı, tədris olunacaq proqramlaşdırma dilləri və digər mövzularda tələbələrə ətraflı məlumat verib.
Qeyd edək ki, IT kurslar (bootcamp) Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində ADNSU-da 2021/2022-ci tədris ilinin yaz semestrini əhatə edəcək. Kursda ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri iştirak edirlər. Kurslarda iki- Veb-tərtibatçılıq və Sistem inzibatçılığı proqram üzrə tədris veriləcək və 300 tələbəni əhatə edəcək. Layihənin məqsədi tələbələrin “junior” səviyyədə mütəxəssis kimi yetişdirilməsidir.